İnternet bankçılıq xidmətlərinin göstərilməsi haqqında

Müqavilə

1. Müqavilənin predmeti

1.1. Müqaviləyə görə, Bank özünün internet səhifəsi və mobil əlavəsi vasitəsi ilə Müştəriyə internet bankçılıq xidmətlərinin göstərilməsini təmin edir, Müştəri isə ona göstərilən xidmətlərin haqqını ödəməklə bu Müqavilə, həmçinin bank daxili qaydalar çərçivəsində həmin xidmətlərdən istifadə edir.

1.2. İnternet bankçılıq xidməti vasitəsi ilə internet üzərindən əməliyyatlar müvafiq elektron imza ilə həyata keçirilə bilər. İnternet bankçılıq sistemi vasitəsi ilə aparılan əməliyyatların siyahısı və qeydiyyat proseduru bankın internet səhifəsində və mobil əlavəsində göstərilir.

2. Əsas Anlayışlar

2.1. Bu Müqavilədə aşağıdakı anlayışlardan istifadə edilir:

3. Ümumi şərtlər

3.1. Müştəri özünə məxsus eyniləşdirmə məlumatlarını Banka təqdim edir. Bu məlumatlar Bankla Müştəri arasında internet bankçılıq xidmətləri çərçivəsində aparılacaq gələcək əməliyyatlar zamanı Bank tərəfindən Müştərinin eyniləşdirilməsi və aparılacaq əməliyyatların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istifadə ediləcəkdir.

3.2. Müştəri Bankın müəyyən etdiyi formada internet bankçılıq sistemində qeydiyyatdan keçməklə həmin xidmətlərindən istifadə etmək üçün eyniləşdirmə məlumatlarını daxil edir.

3.3. Müştəri internet bankçılıq sisteminin mobil əlavələrini yalnız rəsmi “Google Play” və ya “App Store” servislərindən yükləyib, mobil cihazına quraşdırır.

3.4. Müştəri sistemə qoşulduqdan sonra Bankın təklif etdiyi xidmətlərdən istifadə etmək imkanı əldə edir. Müştəri bankın internet bankçılıq xidmətindən istifadə etməklə özünün bəzi eyniləşdirmə məlumatlarını müvafiq qaydada dəyişdirə bilər. Məlumatlar dəyişdirildiyi andan etibarən Bankla Müştəri arasında əməliyyatlar yeni məlumatlar əsasında aparılacaqdır. Müştəri mobil telefon nömrəsini dəyişdirdikdə Banka ərizə ilə müraciət etməklə yenidən qeydiyyatdan keçir.

3.5. Müştəri sistemə daxil olmaqla bank tərəfindən təklif edilən əməliyyatları icra edə bilər. Müştəri bu zaman əməliyyatları icra etməklə, Müqavilədə nəzərdə tutulmuş şərtlərə razı olduğunu qəbul etmiş olur.

3.6. Hər hansı əməliyyatların aparılması zamanı Bank tərəfindən Müştərinin təyin etdiyi əsas şifrədən istifadə etmək və ya birdəfəlik şifrəni əldə etməklə əməliyyatın təsdiqi tələb oluna bilər. Mobil əlavədə bu məqsədlər üçün Müştərinin barmaq izinin və ya passcode-un daxil edilməsi tələb oluna bilər. Birdəfəlik şifrənin və sistemdə aparılan digər əməliyyatların təsdiqinin göndərilməsi üçün avtomatik olaraq Müştərini sistemə qoşulması qeydə alınan mobil nömrəsi istifadə olunur. 

3.7. Qanunvericiliklə müəyyən edilən hallarda bəzi əməliyyatların aparılması üçün Müştəridən müvafiq elektron imzadan (RYTN “Elektron imza” sertifikatları, “ASAN imza” və qanunvericiliklə müəyyən edilmiş qaydada təkmil sertifikatına malik digər elektron imzalar nəzərdə tutulur) istifadə edilməsi tələb oluna bilər. Əməliyyatların elektron imza vasitəsi ilə aparılması zamanı Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarının şərtləri tətbiq ediləcəkdir.

3.8. Müştəri aparılan əməliyyatlar üzrə Bankın qüvvədə olan tarifləri ilə müəyyən edilən xidmət haqlarını ödəməlidir. Bank Müştəri tərəfindən ödənilməli olan xidmət haqlarını, xidmət üzrə tarifləri internet səhifəsində və mobil əlavənin müvafiq bölməsində Müştəriyə təqdim etməklə, Müştərinin hesablarında olan vəsaitlərdən birtərəfli qaydada tuta bilər. Müştəri müvafiq əməliyyatları icra etməklə, həmin tariflərə razı olduğunu və xidmət haqlarının onun bankda olan hesablarından onun razılığı olmadan akseptsiz qaydada tutulmasına razılığını bildirir.  

3.9. Müştəri internet bankçılıq xidmətləri vasitəsi ilə əməliyyatların aparılması üçün zəruri olan özünün istifadəçi adı, şifrəsi və ya digər məxfi məlumatların kənar şəxslər tərəfindən istifadəsinin qarşısını almalı, habelə ona məxsus məlumatları hər hansı üçüncü şəxslərə ötürməməlidir.

4. Tərəflərin hüquq və öhdəlikləri

4.1. Bankın hüquq və vəzifələri:

4.1.1. Müştərini əvvəlcədən xəbərdar etmədən və onun razılığı olmadan birtərəfli qaydada limitləri müəyyən etmək, dəyişdirmək  və internet bankçılıq xidmətinin istifadəsinə məhdudiyyətlər qoymaq;

4.1.2. Aşağıdakı hallardan biri baş verdiyi təqdirdə internet bankçılıq xidmətini göstərməmək;  

4.1.2.1. Müştəri tərəfindən verilən tapşırıq üzrə hesabında/hesablarında əməliyyatın aparılması üçün kifayət qədər vəsait olmadıqda;

4.1.2.2. Müştəri tərəfindən verilən tapşırıq bu Müqavilə və ya Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə zidd olduqda;

4.1.2.3. Müştəri tərəfindən Bankın işgüzar nüfuzuna xələl gətirə biləcək əməliyyatlar və ya fəaliyyət aparıldıqda.

4.1.2.4. Müştərinin eyniləşdirmə məlumatlarına səlahiyyətsiz giriş üzrə şübhə doğuran hallar müəyyən edildikdə.

4.1.3. Müştərinin bu Müqaviləyə əsasən verilən tapşırıqlarını yerinə yetirmək;

4.1.4. Müştəri mobil cihazın və ya hesabına bağlı olan SIM-kartın itirilməsi, oğurlanması və ya bloklaşdırılması hallarında Banka müraciət etdiyi andan mobil bankçılıq xidmətini dayandırmaq;

4.1.5. Müqavilədən və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyindən irəli gələn hüquq və vəzifələri icra etmək.

4.2. Müştərinin hüquq və vəzifələri:

4.2.1. Bankın təqdim etdiyi elektron xidmətlərdən istifadə etmək;

4.2.2. Müştəri ona məxsus mobil cihazın və ya hesabına bağlı olan SIM-kartın itirilməsi, oğurlanması və ya bloklaşdırılması hallarında, eləcə də bank hesabında olan vəsaitdən səlahiyyətsiz istifadə edildikdə, bank hesabı üzrə əməliyyatlarda hər hansı səhv və ya uyğunsuzluq aşkar etdikdə, eyniləşdirmə məlumatlarına səlahiyyətsiz giriş üzrə şübhə doğuran halları müəyyən etdikdə, habelə internet bankçılıq xidməti üzrə texniki nasazlığın mövcudluğu və ya eyniləşdirmə üsullarında səhv baş verdikdə Banka məlumat vermək;

4.2.3. Müştəri mobil əlavədə qeydiyyat zamanı daxil etdiyi məlumatların tam və düzgün olduğunu təsdiq etmək və Pin, Login və digər yayılmaması tələb olunan məlumatları məxfi saxlamaq;

4.2.4. Bu Müqavilədən və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyindən irəli gələn hüquq və vəzifələri icra etmək.

5. Tərəflərin məsuliyyəti

5.1. Bu Müqavilə üzrə öhdəlikləri icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu ziyana/zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu ziyanın/zərərin əvəzini tam həcmdə ödəməlidir.

5.2. Aşağıdakı hallara görə Müştəri məsuliyyət daşıyır:

5.2.1. Aparılan əməliyyatlar zamanı hər hansı məlumatın (rekvizit, hesab məlumatları və ya köçürmə məbləği və sair) düzgün daxil edilməməsi nəticəsində;  

5.2.2. İnternet bankçılıq sisteminə giriş üçün istifadə etdiyi mobil cihazın əməliyyat və ya fayl sisteminə tam hüququn (“root” və ya “jailbrake”) əldə olunduğu halda;

5.2.3. İnternet bankçılıq sisteminə giriş üçün istifadə etdiyi kompüter və ya mobil cihazında hər hansı zərərverici proqramlar mövcud olduqda;

5.2.4. Müştəri internet bankçılıq sisteminə daxil olmaq üçün istifadə etdiyi mobil əlavəni rəsmi “Google Play” və ya “App Store” servislərindən deyil, digər mənbələrdən yüklədikdə;

5.2.5. Kompüter və ya mobil cihazında texniki problem yarandıqda və ya onlar lazımi qaydada işləmədikdə;

5.2.6. Bankdan asılı olmayan səbəblərdən elektron məlumatların emissiyası və ötürülməsi zamanı internet şəbəkəsində problem yarandıqda;

5.2.7. Müştəri tərəfindən proqram təminatının quraşdırılması, qorunub saxlanılması və müəyyən edilmiş qaydada istifadə edilməməsi nəticəsində;

5.2.8. Mobil cihazında hər hansı bir zərərli kod aşkar olunarsa, onun hesabı üzrə baş vermiş dələduzluq (“fraud”) hallarına görə;

5.2.9. İstifadəçi adı, şifrə və digər məxfi məlumatlarının kənar şəxslər tərəfindən istifadəsi nəticəsində zərər dəydikdə;

5.2.10. Müştərinin mobil cihazın və ya hesabına bağlı olan SIM-kartın itirilməsi və ya oğurlanması hallarında, eləcə də bank hesabında olan vəsaitdən səlahiyyətsiz istifadə edildikdə, bank hesabı üzrə əməliyyatlarda hər hansı səhv və ya uyğunsuzluq aşkar etdikdə, eyniləşdirmə məlumatlarına səlahiyyətsiz giriş üzrə şübhə doğuran halları müəyyən edildikdə, habelə elektron bankçılıq xidməti üzrə texniki nasazlığın mövcudluğu və ya eyniləşdirmə üsullarında səhv baş verdikdə.

6. Digər şərtlər

6.1. Müştərinin internet bankçılıq xidmətləri vasitəsi ilə apardığı bütün əməliyyatlar onunla bank arasında bağlanmış əqd qüvvəsinə malik olur. 

6.2. Müştəri tərəfindən bu Müqavilədə nəzərdə tutulan üsullarla həyata keçirilən əməliyyatlar onun özünün sərəncamı hesab olunur. İnternet üzərindən və mobil cihaz vasitəsi ilə etdiyi bütün təsdiqləmələr onun imzasının digər analoqu sayılır və yazılı imzasına bərabər tutulur.   

6.3. Bu Müqavilə Müştəri tərəfindən qeydiyyat zamanı daxil edilən mobil telefon nömrəsi və ya həmin nömrəyə bağlı elektron imza vasitəsi ilə təsdiq edilir. Bu zaman  Müştərinin mobil telefon nömrəsi ilə qeydiyyatdan keçməsi onun iradə ifadəsinin təzahürü kimi qəbul edilir.

6.4. Mobil telefon nömrəsi ilə təsdiq olunmuş Müqavilə və mobil əlavə vasitəsi ilə əməliyyatlarının aparılması zamanı təsdiqlənmiş elektron sənədlər mübahisələrin həlli zamanı sübut növü kimi qəbul edilir.  

6.5. Bank, aşağıdakı hallarda internet bankçılıq xidməti vasitəsi ilə əməliyyatların aparılmasını dayandıra və ləğv edə bilər;

6.5.1. Müştərinin və ya Bankın təşəbbüsü ilə;

6.5.2.Müqavilə üzrə şərtlər pozulduqda;

6.5.3. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda.

6.6. Bu Müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər tərəflər arasında bağlanmış bank xidmətlərinin göstərilməsi haqqında müqavilələr ilə tənzimlənir.

6.7. Tərəflər arasında yaranan mübahisələr qarşılıqlı razılaşma və danışıqlar yolu ilə həll olunur. Danışıqlar yolu ilə həll olunmayan mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.

6.8. Müqavilə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.

6.9. İnternet bankçılıq xidmətinin icrası ilə əlaqədar yarana biləcək hər hansı  müraciətlərin (şikayət, ərizə və təkliflərə) baxılması üçün, aşağıda göstərilən əlaqə nömrələri və elektron poçt ünvanı vasitəsi ilə İstehlakçıların hüquqlarının müdafiəsi bölməsinin əməkdaşları ilə əlaqə saxlanıla bilər: Əlaqə tel: 132, (+99412) 5612288; Faks: (+99412) 5612688; e-mail: info@expressbank.az; sayt: www.expressbank.az. Lakin xətlərin məşğulluğu və ya hər hansı digər texniki səbəbdən Müştəri tərəfindən bu cür məlumatların verilməməsi Bank üçün hər hansı öhdəlik yaratmır.

6.10. Bank, öz məhsulları və xidmətləri barədə Müştərini qısa mesaj (sms) vasitəsi ilə məlumatlandıra bilər. Bu cür sms-lər Müştərinin Banka təqdim etdiyi mobil telefon nömrəsinə göndəriləcəkdir. Müştəri, eyni zamanda Müqaviləni imzalamaqla, məlumat və reklam xarakterli sms-lərin ona göndərilməsinə etiraz etmədiyini təsdiq edir.  

6.11. Bu Müqavilə Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Bankda, digəri isə Müştəridə saxlanılır.